
Megaxeber.az məlumat verir ki, Rusiya Xarici İşlər Nazirliyi Kiyev və Ukraynanın digər şəhərlərinə zərbələrin davam etdiriləcəyini açıqlayıb.
Rusiya XİN-in bəyanatında bildirilib ki, Rusiya Silahlı Qüvvələri Kiyev və digər Ukrayna şəhərlərində hərbi obyektlərə “hədəfli zərbələri” davam etdirir. Moskva bu hücumları Ukrayna tərəfindən Rusiyanın mülki əhalisinə və infrastrukturuna qarşı həyata keçirildiyini bildirdiyi hücumlara cavab kimi təqdim edib.
Rusiya Xarici İşlər Nazirliyi xarici vətəndaşlara, o cümlədən diplomatik nümayəndəliklərin əməkdaşlarına Ukraynada qalmamaq və ölkəyə səfər etməmək barədə xəbərdarlıq edib.
Nazirlik xəbərdarlığa məhəl qoymayan şəxslərin mümkün mənfi nəticələrə görə məsuliyyət daşıyacağını bildirib.
Açıqlama Kiyevdə Dnepr çayı üzərində yerləşən Şimal körpüsünün Rusiya hava hücumu zamanı zədələnməsindən sonra verilib. Kiyev meri Vitali Kliçko körpüdə hərəkətin dayandırıldığını və hadisə nəticəsində ölən və yaralananların olmadığını bildirib.
Rusiya və Ukrayna müharibə çərçivəsində qarşı tərəfin ərazilərinə hücumları davam etdirir. Hər iki tərəf mülki əhalini və mülki infrastrukturu qəsdən hədəfə almadığını bildirir.