
Livanın “Hizbullah” hərəkatı İranın yeni ali lideri seçilən Müctəba Xamenei ilə bağlı açıqlama verərək ona sadiqliyini bəyan edib.
Megaxeber.az xarici mediaya istinadən xəbər verir ki, hərəkatın Telegram kanalında yayımlanan bəyanatda İran rəhbərliyinə dəstək ifadə olunub.
Bəyanatda bildirilib ki, ABŞ və İsrailin təzyiqlərinə baxmayaraq, İranın Ekspertlər Şurası tərəfindən yeni liderin seçilməsi müdrik qərar kimi qiymətləndirilib.
“ABŞ və İsrailin cinayətkar təcavüzünə baxmayaraq, Ekspertlər Şurasının yeni liderin seçilməsində nümayiş etdirdiyi müdriklik və məsuliyyəti yüksək qiymətləndiririk. İranın mübarək rəhbərliyinə sarsılmaz sadiqliyimizi təsdiqləyirik”, – deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, 9 mart 2026-cı ildə Müctəba Xamenei İranın yeni ali lideri seçilib. O, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı nəticəsində öldürülən atası Əli Xameneidən sonra bu vəzifəyə gətirilib.
Beləliklə, Müctəba Xamenei, Ruhullah Xomeyni və Əli Xameneidən sonra İranın üçüncü ali lideri olub.