Bağlamaq üçün ESC sıxın

ABŞ Dövlət Departamentindən kritik çağırış: ABŞ vətəndaşlarına İranı dərhal tərk edin xəbərdarlığı

ABŞ Dövlət Departamenti İran hava məkanının qismən yenidən açılmasından sonra ölkədə olan ABŞ vətəndaşlarına təcili xəbərdarlıq edib. Rəsmi açıqlamada bildirilir ki, vətəndaşlar mümkün olan ən qısa zamanda İranı tərk etməlidir.

Məlumata görə, 21 aprel tarixindən etibarən İran hava məkanında məhdud da olsa uçuşların bərpası müşahidə olunur. Departament ABŞ vətəndaşlarına yerli KİV-ləri diqqətlə izləməyi, uçuşlarla bağlı məlumatları isə kommersiya aviaşirkətlərindən dəqiqləşdirməyi tövsiyə edib.

Açıqlamada qeyd olunub ki, İranı tərk etmək istəyən şəxslər yalnız hava yolu ilə deyil, həmçinin quru sərhədləri vasitəsilə də ölkədən çıxa bilərlər. Bu istiqamətdə Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan alternativ marşrut kimi göstərilib.

Bundan əlavə, ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarına Əfqanıstan, İraq və Pakistanın İranla sərhəd bölgələrinə səfər etməməyi də tövsiyə edib.

İranı tərk edə bilməyən vətəndaşlara isə növbəti rəsmi məlumatadək təhlükəsizlik məqsədilə qapalı məkanlarda qalmaq, xüsusilə pəncərələrdən uzaq durmaq məsləhət görülür.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara əsasən, paytaxt Tehran da daxil olmaqla İranın altı hava limanında uçuşlar qismən bərpa olunub. Aprelin 18-də hava məkanının açılması elan edildikdən sonra ilk sərnişin reysi Oman istiqamətindən həyata keçirilib.