
Son dövrlərdə Azərbaycanın hərbi sahədə beynəlxalq əməkdaşlıq imkanları genişlənməkdə davam edir. Ukraynadan sonra bu dəfə Çexiya Azərbaycanla hərbi əməkdaşlığa maraq göstərib.
Çexiyanın müdafiə sənayesi şirkəti olan Czechoslovak Group (CSG) Azərbaycanla birgə hərbi müəssisə yaradıldığını açıqlayıb. Şirkətin aprelin 27-də yaydığı məlumata görə, tərəflər arasında artıq rəsmi müqavilə imzalanıb.
Yeni yaradılacaq müəssisə Azərbaycanda zirehli texnikanın, eləcə də digər quru hərbi avadanlıqların təmiri, texniki xidməti və modernləşdirilməsi ilə məşğul olacaq. Bu layihə ölkənin müdafiə sənayesinin inkişafına əlavə töhfə verməyi hədəfləyir.
Müşahidəçilər bu əməkdaşlığı Azərbaycanın artan regional rolu və hərbi potensialına göstərilən beynəlxalq marağın göstəricisi kimi qiymətləndirirlər. Ekspertlər qeyd edir ki, bu kimi layihələr ölkənin müdafiə sənayesinin lokallaşdırılması və texnoloji inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bəzi siyasi şərhçilər isə bu prosesi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və müdafiə siyasətinin nəticəsi kimi dəyərləndirirlər