“Ceyms Uebb”dən yeni kəşf: Temperaturu Finlandiya saunasına bənzəyən planet tapıldı - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

“Ceyms Uebb”dən yeni kəşf: Temperaturu Finlandiya saunasına bənzəyən planet tapıldı

NASA-nın “Ceyms Uebb” kosmik teleskopu alimləri heyrətləndirən yeni ekzoplanet aşkar edib. TOI-199b adlı qaz nəhənginin temperaturunun təxminən 80 dərəcə selsi olduğu müəyyənləşdirilib. Bu göstərici Finlandiya saunalarında müşahidə olunan istiliyə yaxın hesab edilir.

Təxminən 330 işıq ili uzaqlığında yerləşən TOI-199b ölçüsünə görə Saturn planetinə bənzəyir. Planet öz ulduzu ətrafında bir tam dövrəni 100 gün ərzində tamamlayır. Alimlərin sözlərinə görə, qaz nəhəngləri arasında bu qədər “mülayim” temperatura malik planetlər olduqca nadir hallarda aşkar edilir.

Araşdırma zamanı astronomlar transmissiya spektroskopiyası metodundan istifadə edərək planetin atmosferini analiz ediblər. TOI-199b öz ulduzunun önündən keçərkən teleskop atmosferdən süzülən işığı araşdırıb və burada metan qazının yüksək miqdarda olduğunu müəyyən edib.

Mütəxəssislər atmosferdə ammonyak və karbon qazının izlərinin də aşkarlandığını bildiriblər. Onların fikrincə, bu kəşf planetlərin yaranması və inkişaf prosesini daha yaxşı anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Alimlər hesab edirlər ki, TOI-199b kimi “mülayim” qaz nəhənglərinin öyrənilməsi gələcəkdə Yer atmosferinin formalaşma tarixini daha dərindən araşdırmağa kömək edə bilər.