"Dövlət hər uşağa 500 manat versə belə, növbəti tələb 1000 manat olacaq" — Razi Nurullayev - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

“Dövlət hər uşağa 500 manat versə belə, növbəti tələb 1000 manat olacaq” — Razi Nurullayev

Milli Məclisin deputatı Razi Nurullayev dövlət tərəfindən hər uşağa 500 manat məbləğində uşaq pulu verilməsi ilə bağlı müzakirələrə münasibət bildirib.

Deputat “M Media Azerbaijan”ın YouTube kanalına müsahibəsində qeyd edib ki, dövlət sosial yardımlar göstərməli olsa da, insanların yalnız bu vəsait hesabına rifahlı həyat qurması mümkün deyil.

Razi Nurullayev bildirib ki, hər uşağa görə 500 manat ödənilsə belə, zamanla bu məbləğin kifayət etmədiyi barədə yeni tələblər yaranacaq:

“Dövlət hər uşağa 500 manat versə belə, insanlar yenə narazı qalacaqlar, çünki həyatlarını həmin məbləğ üzərində quracaqlar. Sonra isə növbəti tələb 1000 manat olacaq”.

Deputatın sözlərinə görə, dövlət dəstəyi vacibdir, lakin əsas məqsəd insanların işləyərək öz gəlirlərini formalaşdırması olmalıdır. O vurğulayıb ki, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və iqtisadi fəallığın artırılması sosial rifahın əsas mənbəyidir.

Qeyd edək ki, son günlər uşaq pullarının bərpası ilə bağlı ictimai müzakirələr yenidən gündəmə gəlib və məsələ müxtəlif deputatlar tərəfindən fərqli şəkildə qiymətləndirilir.