
Son illər Azərbaycanda “Temu”, “Shein” və digər xarici elektron ticarət platformalarından edilən sifarişlərin sayı sürətlə artır. Bunun fonunda bu platformaların vergiyə cəlb olunması və yerli bazarda fəaliyyətinin tənzimlənməsi məsələsi daha çox müzakirə edilir.
Megaxeber.az-ın apardığı araşdırmaya görə, dünyanın bir sıra ölkələri milyonlarla kiçik bağlamanın ayrıca gömrük və vergi prosedurlarına cəlb edilməsinin həm dövlət, həm də biznes üçün əlavə inzibati yük yaratdığını nəzərə alaraq fərqli model tətbiq etməyə başlayıb.
Bu modelə əsasən, vergi məhsul sifariş edilən zaman birbaşa platforma tərəfindən hesablanır və dövlət büdcəsinə ödənilir. Beləliklə, alıcı sifarişi rəsmiləşdirərkən məhsulun yekun qiymətini əvvəlcədən görür, sonradan əlavə ödəniş və ya sürpriz xərclərlə qarşılaşmır.
Araşdırmalar göstərir ki, bu yanaşma gömrük prosedurlarını sadələşdirir, dövlətin vergi daxilolmalarını artırır və milyonlarla kiçik bağlamanın ayrıca vergiyə cəlb edilməsindən yaranan inzibati yükü əhəmiyyətli dərəcədə azaldır.
Mütəxəssislərin fikrincə, Azərbaycan üçün də daha məqsədəuyğun variant xarici platformaların ölkədəki satış dövriyyəsinin uçota alınması, verginin satış zamanı hesablanaraq büdcəyə ödənilməsi, istehlakçıya yekun qiymətin əvvəlcədən göstərilməsi və məhsulun təhlükəsizliyinə görə platformaların məsuliyyət daşıması ola bilər.
İqtisadçıların qiymətləndirməsinə görə, belə mexanizm müəyyən qiymət artımına səbəb ola bilər. Lakin platformaların tətbiq etdiyi endirim kampaniyaları, komissiyalar və logistika siyasəti nəzərə alındıqda qiymət artımının verginin tam məbləği qədər olacağı gözlənilmir.
Ekspertlər hesab edirlər ki, bu model bazarda daha sağlam rəqabət mühiti yarada, yerli sahibkarların rəqabət imkanlarını gücləndirə, istehlakçı hüquqlarının müdafiəsini təmin edə və elektron ticarətin daha şəffaf qaydalarla inkişafına töhfə verə bilər.
Megaxeber.az mövzu ilə bağlı aidiyyəti dövlət qurumlarının və beynəlxalq elektron ticarət platformalarının mövqeyini öyrənməyə davam edir. Mövzu üzrə rəsmi açıqlamalar əldə olunduqca oxucularımıza əlavə məlumat təqdim ediləcək.