
Megaxeber.az məlumat verir ki, Böyük Britaniya Ukraynanın şimalında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının zədələnmiş qoruyucu konstruksiyasının təmiri üçün 17 milyon funt sterlinq (təxminən 22,45 milyon ABŞ dolları) ayıracaq. Bu barədə Britaniya hökuməti məlumat yayıb.
Maliyyə vəsaiti stansiyanın qoruyucu örtüyünün təmiri, radiasiyanın təhlükəsiz şəkildə məhdudlaşdırılması və havalandırma sistemlərinin bərpasına yönəldiləcək.
Britaniya hökumətinin açıqlamasına görə, konstruksiya ötən il Rusiyanın dron hücumu nəticəsində zədələnib. Təmir işləri vaxtında aparılmadığı təqdirdə korroziya riski arta və uzunmüddətli ekoloji təhlükəsizlik problemləri yarana bilər.
Qeyd edək ki, Çernobıl 1986-cı ildə dünyanın ən ağır nüvə qəzalarından birinin baş verdiyi ərazidir. Zədələnmiş qoruyucu konstruksiyanın bərpası radioaktiv maddələrin ətraf mühitə yayılma riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.