Əhmədlidə su problemi davam edir – sakinlər çıxılmaz vəziyyətdə - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Əhmədlidə su problemi davam edir – sakinlər çıxılmaz vəziyyətdə

Bakının Xətai rayonu, Kənd Əhmədli ərazisində yaşayan sakinlər uzun müddətdir davam edən su problemi ilə üz-üzə qalıb. Sakinlərin sözlərinə görə, bu hal demək olar ki, hər gün təkrarlanır və artıq gündəlik həyata ciddi təsir göstərir.

Onların sözlərinə görə, xüsusilə işdən yorğun qayıdan insanlar üçün bu vəziyyət dözülməz həddə çatıb: “Hər gün eyni problem yaşanır. Evə gəlirik, su olmur. Bu da insanın əsəblərini daha da gərginləşdirir”.

Sakinlər məsələ ilə bağlı dəfələrlə Azərsu Açıq Səhmdar Cəmiyyəti-nə müraciət etdiklərini bildirirlər. Onların sözlərinə görə, qurum tərəfindən müraciətlərə baxılacağı bildirilsə də, indiyədək problemin həlli istiqamətində konkret addım atılmayıb.

Ərazidə yaşayanlar problemin tezliklə aradan qaldırılmasını və fasiləsiz su təminatının bərpa olunmasını tələb edirlər. Sakinlər qeyd edir ki, mövcud vəziyyət davam edərsə, daha ciddi addımlar atmağa məcbur qalacaqlar.