
Azərbaycan İqtisadiyyat Nazirliyinin rəhbəri Mikayıl Cabbarov bildirib ki, Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafına mühüm töhfə verəcək.
Nazir bu fikirləri “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə səsləndirib. Onun sözlərinə görə, Naxçıvanın ölkə iqtisadiyyatındakı payı artıq artım trendi göstərir və bu dinamikanın gələcək illərdə daha da sürətlənəcəyi gözlənilir.
Mikayıl Cabbarov vurğulayıb ki, dəhlizin istifadəyə verilməsi regionun iqtisadi potensialını artıracaq, investisiya imkanlarını genişləndirəcək və ümumilikdə Azərbaycanın iqtisadi sistemində rolunu gücləndirəcək.
Nazir həmçinin qeyd edib ki, ölkədə iqtisadiyyatın şaxələndirilməsi strateji prioritet olaraq qalır. Aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft-qaz sektoru artıq iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib və ÜDM-də payını əhəmiyyətli dərəcədə artırıb.