
İsrail Müdafiə Qüvvələri (İMQ) son 24 saat ərzində Livan ərazisində “Hizbullah” qruplaşmasına məxsus olduğu bildirilən 200-dən çox hədəfə zərbələr endirib.
Megaxeber.az İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, əməliyyatlar İsrail ərazisinin Livandan atəşə tutulmasının qarşısını almaq və sərhəd bölgələrində təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. Bildirilir ki, əsas hədəflər arasında raket buraxılış qurğuları, silah anbarları və hərbi infrastruktur obyektləri olub.
Məlumata görə, “Güllələyən Aslan” adlandırılan əməliyyat çərçivəsində zərbələr koordinasiyalı şəkildə həyata keçirilib və bu, son dövrlərdə bölgədə həyata keçirilən ən genişmiqyaslı hərbi fəaliyyətlərdən biri hesab olunur.
İsrail tərəfi vurğulayır ki, əməliyyatlar yalnız hərbi hədəflərə yönəlib və mülki əhalinin təhlükəsizliyi nəzərə alınır. Bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.