Bağlamaq üçün ESC sıxın

Hörmüz boğazında gərginlik artır: Son 12 saatda cəmi 3 gəmi keçid edib

Son saatlarda Hörmüz boğazı ətrafında vəziyyət daha da gərginləşib. İran KİV-ə və bəzi xarici mediaya istinadən verilən məlumata görə, son 12 saat ərzində bu mühüm marşrutdan cəmi üç gəmi keçib.

Məlumata əsasən, keçid edən gəmilər neft məhsulları daşıyan “Nero” tankeri, kimyəvi maddələr daşıyan “Starway” gəmisi və maye karbohidrogen qazı daşıyan “Axon I” tankeridir.

Qeyd olunur ki, “Axon I” tankeri İran ilə ticarət əlaqələrinə görə ABŞ tərəfindən sanksiyalara məruz qalıb.

Eyni zamanda, bölgədəki blokada fonunda ABŞ Hərbi Dəniz Qüvvələri aktiv fəaliyyət göstərir. CENTCOM tərəfindən yayılan məlumatda bildirilir ki, blokadanın başlanmasından bəri İran limanlarına daxil olan və ya oradan çıxan 27 ticarət gəmisinə geri dönmək və ya limanlara qayıtmaq göstərişi verilib.

Mütəxəssislər hesab edir ki, Hörmüz boğazında bu cür məhdud hərəkətlilik qlobal enerji bazarında ciddi dalğalanmalara səbəb ola bilər.