
Bakıda 46 nömrəli avtobus xətti ilə bağlı sərnişin şikayətləri davam edir.
Sakinlərin sözlərinə görə, xüsusilə saat 21:00-dan sonra avtobusların gec gəlməsi və intervalın artması ciddi narahatlıq yaradır. Onlar bildirirlər ki, bəzi hallarda avtobusu uzun müddət gözləmək məcburiyyətində qalırlar.
Şikayətlərə əsasən, avtobus gəldikdə isə yaranan sıxlıq səbəbindən bir çox sərnişin nəqliyyata minə bilmir. Sakinlərin iddiasına görə, sürücülər yalnız müəyyən sayda sərnişinin minməsinə icazə verir və bu da dayanacaqda qalan insanların növbəti avtobusu gözləməsinə səbəb olur.
Məsələ ilə bağlı BakuBus və AYNA-ya “Megaxeber.az” tərəfindən rəsmi elektron poçt vasitəsilə sorğu göndərilsə də, xəbər yayımlanana qədər cavab verilməyib.
Sakinlər 46 nömrəli xətt üzrə xüsusilə axşam saatlarında avtobus sayının artırılmasını və intervalın yaxşılaşdırılmasını tələb edirlər.