
Abşeron rayonunda 1980-ci il təvəllüdlü Bədrəddin Məmmədov həyat yoldaşını çarpayıya zəncirlədiyi üçün məhkəmə qarşısına çıxıb.
Megaxeber.az Teleqraf-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs məhkəmədə əməlini qısqanclıq zəminində törətdiyini etiraf edib. O bildirib ki, evdə quraşdırdığı kameralara mobil telefon vasitəsilə baxarkən həyat yoldaşının telefonda qrup şəklində danışdığını görüb və buna görə də mağazadan dəmir zəncir və iki qıfıl alaraq onu “cəzalandırmaq” qərarına gəlib.
Qadın tanımadığı şəxslərlə yalnız proqram vasitəsilə ünsiyyət qurduğunu desə də, B.Məmmədov fikrindən dönməyərək arvadını beş saat müddətinə qanunsuz azadlıqdan məhrum edib. Bu müddətdə qadına yalnız iki dəfə ayaqyoluna getməyə icazə verilib.
Hadisəni ailə yaxınlarının Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verməsindən sonra polis əməkdaşları yerində müdaxilə edərək qadını zəncirdən azad edib. Cinayət işi açılıb.
Məhkəmədə zərərçəkmiş qadın ərinin çox qısqanc olduğunu və evdən çıxmasına icazə vermədiyini təsdiqləsə də, şikayətçi olmadığını və ərilə barışdığını bildirib.
Məhkəmənin qərarına əsasən, “Konstitusiya və Suverenlik İli” münasibətilə elan olunmuş amnistiya aktı Bədrəddin Məmmədova tətbiq olunub və Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə aparılan cinayət təqibi dayandırılıb