Bağlamaq üçün ESC sıxın

Rusiyanın Komi Respublikasında neft obyektinə hücum hazırlayan şəxslər zərərsizləşdirilib

Rusiyanın Komi Respublikasında neft müəssisəsinə planlaşdırılan dron hücumunun qarşısı alınıb.

Megaxeber.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, ölkə vətəndaşı olan iki nəfər Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə neft obyektinə hücum hazırlayıb. Şübhəlilərin əvvəlcədən gizlədilmiş yerdən əldə etdikləri pilotsuz uçuş aparatlarını əldəqayırma partlayıcı qurğularla təchiz etdikləri bildirilir.

Məlumata əsasən, onlar müxtəlif mesencerlər vasitəsilə xarici xüsusi xidmət orqanlarına regiondakı neft emalı müəssisələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi hərbi əməliyyat iştirakçıları barədə məlumat ötürüblər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaq istənilən zaman şübhəlilər silahlı müqavimət göstərib. Nəticədə cavab atəşi ilə zərərsizləşdirildikləri qeyd olunur.

Hadisə yerindən döyüş başlıqlı iki pilotsuz uçuş aparatı, iki “Makarov” tapançası və cinayət fəaliyyətini təsdiqləyən məlumatların olduğu mobil telefonlar götürülüb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “diversiyaya hazırlıq” maddəsi ilə cinayət işi açılıb.